Fərid Məmmədov: “Əslində oğlanlar nə qədər çox yesə, o qədər yaxşıdır”

 

Hafta.az-ın “Məşhurun bir günü” rubrikasının növbəti qonağı Azərbaycanın “Eurovision-2013” təmsilçisi Fərid Məmmədovdur. Fərid Avropanın mötəbər musiqi yarışmasında ikinci yeri qazanmaqla ölkəmizin adına daha bir uğur qazandırdı.

Rubrikamız barədə Fəridlə bildirəndə onun üçün də maraqlı gəldi. Bəzi ulduzlar kimi heç bir “kapriz” etmədi. Günorta saatlarında Milli Parkda görüşdük. Onu da deyim ki, Fərid maraqlı həmsöhbətdir. Adam onunla birlikdə darıxmır.

Fərid hazırda günün gec saatlarına kimi çox çalışdığını deyir. Bunun üçün gec oyanır. Hətta çox vaxt yuxudan ayılan kimi iş arxasınca gedir. Və bunun üçün də bəzən səhər yeməyindən məhrum olur. Lakin müğənni bunu sığortaladığını da etiraf etdi. O, səhər yeməyi və günortanı biraraya qatır.

F.Məmmədovla söhbətimiz uzanır, sonra o, çəkiliş üçün studiyaya gedir. Bir neçə saat sonra isə onunla yenə də bir tədbirdə görüşəcəyik. Fəridin heyranları ilə görüşüb birlikdə filmə baxması nəzərdə tutulmuşdu.

Axşam bir daha onunla “28 Cinema” kinoteatrında görüşdük. Fəridin orada kinoya baxacağını bilib çoxsaylı pərəstişkarları da toplandı. “Eurovision” ulduzu Amerika kinematoqrafçılarının bu il istehsal etdiyi “Eradan əvvəl” filminə baxmaq üçün gəlmişdi. Film saat 22:00-da başlamalıydı. Fəridlə görüşsə saat 21:00-a nəzərdə tutulmuşdu. Fərid görüşə nə az-nə çox düz 45 dəqiqə gecikdi. Bu müddətdə isə kinoteatra toplaşan pərəstişkarları yavaş-yavaş çoxalırdı. Nəhayət gənc müğənni gəldi, onu alqışlarla qarşıladılar. Fərid mehribanlıqla hər kəslə şəkil çəkdirir, avtoqraf verdi. Maraqlıdır, Fərid niyə görüşə gecikdi? Olmaya, o da artıq “ulduz xəstəliyi”nə tutulub!

- Bu gün buraya gecikməyimə səbəb əslində dünəndən başlayıb. Dünən ağır gün idi. Bildiyiniz kimi çəkilişim oldu, sonra bəzi şəxsi məsələlərimlə bağlı müəyyən yerlərə getdim.

- Nə çəkirsiniz?

- Çəkilişim haqqında hələ tam açıqlama vermək istəmirəm. Amma reklama uyğun çəkilişlər idi. Eyni zamanda, yeni mahnı üzərində işləyirəm. Mahnını özüm yazmışam. İnşAllah tezliklə işıq üzü görəcək. Bununla da məşğul oldum. Səhərə yaxın saat 05:00-06:00-da gəldim evə və yatdım. Buna görə də səhərə saat 11:00-da yuxudan oyandım. Çünki ən azı 5 saat yuxu almalıydım. Sonra sizinlə görüşdük. Bu gün təxmini saat 14:30-da yemək yedim: toyuq supu və “Sezar” salatı. Yuxudan elə vaxt oyandım ki, nə səhər, nə də günorta yeməyinə çatdıra bilmədim. Sonra yenidən bəzi işlərimlə bağlı müəyyən yerlərə getdim.

Fərid dieta saxlamadığını da vurğuladı. Müğənni vaxtlı-vaxtında, qaydasında və normasında sevdiyi heç bir yeməkdən imtina etmir. O, səsin və bədən quruluşunun daim formada olması üçün sağlam həyat tərzi sürdüyünü də bildirdi.

- Əslində oğlanlar nə qədər çox yesə, o qədər yaxşıdır. İdman edən oğlanlar üçünsə lap yaxşıdır. Mütəmadi məşqlə bərabər mütləq yemək lazımdır. Amma alkoqollu içki, siqaret çəkmək olmaz. Mən də heç vaxt istifadə etməmişəm. Bunlar məndən uzaq olan şeylərdir. Onda insan sağlam həyat yaşayır.

- Maraqlıdır, idmançı olmağı ilə də diqqət cəlb edən Fərid bu gərgin iş qrafikində sevimli məşğuliyyətindən qalmayıb ki?

- İdmanı heç vaxt atmaram. Elə bura məşq zalından çıxıb gəldim. İki saat yarımdan çox güclü məşq etdim. Neçə aylardır güclü məşq etmirdim. O qədər güclü məşq etdim ki, hətta əlim qalxmırdı.

F.Məmmədovun saç düzümü də diqqətimizi cəlb etdi. Özünəməxsus, bir az qarışıq və düzümsüz formada olan saçlarının Fərid özü bu cür olmasını istəyib:

- Bu gün gözəllik salonuna getmədim. Salona getməyə çox vaxtım olmur. Ya gəlib mənə kömək edirlər, ya da özüm saç düzümümlə məşğul oluram. Bu gün məşqdən çıxanda artıq buraya geçikirdim. Vaxt baxımından çatdıra bilməzdim. Ona görə dostumun evinə gedib orada düzəltdirib buraya gəldim.

“Eurovision” iştirakçısı köynək tünd mavi rəngli cins şalvarı onun yaratmaq istədiyi imici tamamlayırdı. Müğənni stili geyim tərzinə çox diqqət etdiyini deyir. Müğənni hər zaman səliqəli dəblə geyinməyə çalışdığını etiraf etdi.

- Hazırda geyimlərim çoxdur. Həm ona görə, həm bu aralar vaxtım yoxdur ki, özümə geyim almağa gedim. Ümumiyyətlə isə geyim seçməkdə Zəhra Bədəlbəyli mənə çox kömək edir. Onun çox gözəl geyim zövqü var. Özüm yaxşı geyim seçməyi bacarıram. Dəblə maraqlanıram, bilirəm nəyi-nəylə geyinmək lazımdır. İnternetdən bu barədə oxuyuram. Modelyer dostlarımız da var. Ukraynada Jenya var. O da mənə bu işdə kömək edir. Dəb geyim forması barədə o da mənə məlumat verir. Bu çox vacib şeylərdən biridir.

F.Məmmədovla görüş yerimizin kinoteatr seçilməsi təsadüfi deyildi. Məlum oldu ki, gənc müğənni yeni filmləri izləməyi sevir:

- Filmlərə isə həvəsim çoxdur. Bu gün baxacağım film maraqlıdır. Çünki çox sevdiyim aktyor Uill Smit oğlu baş rollardadır. Hələ Moskvada olanda bu filmə baxmaq istəyirdim, amma orada hələ premyerası olmamışdı. Çox sevindim ki, Bakıdakı ilk nümayişinə mən qatıldım.

 

Ümidə Həsənli

 

Həftə içi.- 2013.- 11 iyun.- S.8.